REGİONLAR
Professor Kərim Mirzay: Nəsimi festivalının keçirilməsi dahi şəxsiyyətə verilən dəyərli qiymətdir
Şamaxı, 30 sentyabr, AZƏRTAC
Böyük şair İmadəddin Nəsimi zamanından bizi 650 illik bir tarix ayırır. Bu günlərdə Nəsimi festivalının keçirilməsi dahi şəxsiyyətə verilən dəyərli qiymətdir. Nəsimi festivalından iştirakımdan fərəh duyuram. Fəxr edirəm ki, Azərbaycan bəşər mədəniyyətinə Nəsimi kimi qüdrətli söz ustası, mütəfəkkir şair bəxş edib.
Bu fikirləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikinci Nəsimi Festivalı çərçivəsində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində “Şamaxı antologiyası” əlyazmasına dair sərginin təqdimat mərasimində Təbriz İslam Sənət Universitetinin professoru Kərim Mirzay AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
Professor deyib: “Sərgidə 8 miniatür var. Bu miniatürlərdən birinin üzərində tədqiqat aparıldıqdan sonra surəti çıxarılıb. Eyni ilə o zamanın miniatürü kimi əldə düzələn kağız üzərində qızıl, gümüş rənglərlə işlənib və bütün incəlikləri saxlanılıb. XVI yüzilliyin miniatürləri üzərində işlədikdə bu əsərlərin o dövrün ədəbi mühiti, poeziyası ilə nə qədər bağlı olduğu aydınlaşır. Şamaxıda o zamanın miniatür sənətinin incəlikləri insanı heyrətə gətirir”.