REGİONLAR
Professor: Körpələrin ana südü ilə qidalanması minimum 60 gün davam etməlidir
Gəncə, 29 may, Rauf Hacıyev, AZƏRTAC
Gənc analar gələcəkdə övladlarında hər hansı problemin olmasını istəmirlərsə övladlarını mütləq ana südü ilə qidalandırmalıdırlar. Bəzən gənc analar südlərinin olmadığını bəhanə gətirərək uşaqlarını əmizdirməkdən imtina edirlər. Lakin aparılan elmi-tibbi araşdırmalar göstərir ki, yalnız qadınların üç faizində müəyyən səbəblərdən süd olmur. Digər qadınlar isə övladlarının gələcək inkişafı üçün müstəsna əhəmiyyətə malik ana südündən imtina etməklə, həm uşaqlarının, həm də özlərinin səhhətində gələcəkdə müşahidə olunan böyük problemlərin əsasını qoyurlar.
Ana südünün uşaq üçün əvəzolunmaz qida olduğunu deyən Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, professor Əlikram Məmmədov AZƏRTAC-a bildirib ki, körpələrin ana südü ilə qidalanması minimum 60 gün davam etməlidir.
Körpənin ana südü ilə qidalanmasının qadının sağlamlığına göstərdiyi faydalardan danışan Əlikram Məmmədov deyib ki, bu cür təbii proses hər bir qadını, ilk növbədə, infeksiyalardan qoruyur. Övladını ana südü ilə qidalandıran qadınlarda planlaşdırılmayan hamiləlik baş vermir. Çünki süd əmizdirən qadının uşağı ən azı iki ildən bir olur.
Qadınlar uşaqlarını əmizdirməyəndə onların orqanizmlərində xoşagəlməz hormonal dəyişiliklər baş verir. Həmin dəyişikliklər, ilk növbədə, özünü süd vəzisində göstərir. Elə tibbi yoxlamalar da sübut edir ki, qadınların süd vəzisindəki xoşxassəli şişlərin 99 faizinin səbəbi uşaq əmizdirməmə ilə bağlıdır.
Uşaq əmizdirən qadınlarda oksitosinin miqdarı artır. Oksitosinin miqdarı yüksələndə qadın yumurtalıqlarının fəaliyyəti normallaşır. Bu cür fəaliyyət göstərən yumurtalıqlarda isə heç bir şişə rast gəlinmir.
Uşaq əmizdirməyən qadınların yumurtalıqlarında isə daha çox kista və kistayabənzər törəmələr yaranır. Həmçinin övladına süd verməkdən imtina edən qadınlarda mastopatiya və fibroadenomoya rast gəlinir. Çox vaxt bu cür xəstəliklərin qarşısı dərmanla alınır. Lakin həmin xəstəliklərin qarşısının alınması üçün ən uğurlu seçim qadınların yenidən dünyaya uşaq gətirməsi və körpələrini əmizidirməsidir. Bu zaman qadınlarda müşahidə olan mastopatiya çəkilir, fobroadenomanın isə ölçüsü kiçilir. Əks halda, həmin xəstəliklər inkişaf edirək sonradan xərçəngə çevrilir.