ELM VƏ TƏHSİL
Professor Qəzənfər Kazımovun “Ədəbiyyatda komizm” kitabı çap olunub
Bakı, 14 yanvar, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun “Ədəbiyyatda komizm” kitabı təkrar nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrin elmi redaktorları mərhum akademik Tofiq Hacıyev və mərhum professor Yusif Seyidov, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru A.Şəfiyevdir.
Kitabda Tağı Şahbazi, Böyükağa Talıblı, Mir Cəlal və Sabit Rəhmanın 1920-30-cu illər nəşr dili materialları əsasında Azərbaycan dilinin komizm imkanları nəzərdən keçirilib, sözün komik potensialı öyrənilib. Əsərdə xüsusi adlar və ləqəblərin, şivə leksikasının, vulqar söz və ifadələrin, alınma və arxaik sözlərin, neologizmlərin, atalar sözlərinin, aforizm və şablonların komik təbiəti şərh edilib.
Kitabda qeyd edilən dövrün satirik nəşr materialları əsasında filologiyamızda ilk dəfə kominizmin ezopçuluq, əksinə söyləmə (kinayə), deformasiya, gözlənilməzlik, anlaşılmazlıq, uyğunsuzluq və anaxronizmlərlə ifşa üsulları sistemli şəkildə araşdırılıb, əvvəlki nəşr dili materiallarına da diqqət yetirilib. Çapa hazırlanarkən əsər üzərində yenidən işlənilib və bir sıra əlavələr edilib.