ELM VƏ TƏHSİL
Professor: Vətən müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan xalqı öz torpağı üçün hər zaman canından keçməyə hazırdır
Bakı, 27 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamı xalqımızın ürəyindən gələn ülvi və müqəddəs arzularının həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Bu Sərəncam bir daha göstərdi ki, Azərbaycan xalqı 30 ilə yaxın erməni işğalı ilə barışmadığı kimi bundan sonra da yağı düşmənin torpaqlarımızı tapdağa çevirməsinə imkan verməyəcək. Bu Sərəncamla ölkə rəhbəri 44 günlük Vətən müharibəsi zamanı və ondan əvvəlki dövrlərdə qəddar düşmənə qarşı döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın rəşadətinin heç zaman unudulmayacağını, qazilərimizin qəhrəmanlığının gələcək nəsillərə nümunə olacağını bir daha təsdiq etmiş oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru politoloq Əlimusa İbrahimov söyləyib. O vurğulayıb ki, qələbə heç zaman asan başa gəlmir və Azərbaycan xalqının 44 günlük müharibədə Qələbəsi müzəffər Azərbaycan Ordusunun, qəhrəman əsgərinin rəşadəti sayəsində əldə olunub. Millətimizin ən şücaətli oğullarının bir çoxu şəhid oldu, düşmənlə çarpışmalarda sağlamlığını itirdi. Bu, çox ağır itki olsa da, torpaqlarımızın işğalda qalması bizim üçün daha ağır idi. Erməni işğalçılarının tənəli sözlərini eşitmək gündə yüz dəfə ölüb-dirilməkdən daha ağır idi.
Vətən müharibəsi dövründə Prezidentin xalq müraciətləri bir tərəfdən, cəbhədə gedən proseslər, əldə edilən qələbələr barədə ətraflı məlumat verir, digər tərəfdən, xalqın mübarizə ruhunu, qələbə əzmini yüksəldirdi. Müzəffər Ali Baş Komandan Cəbrayılın, Zəngilanın, Füzulinin, Qubadlının və digər rayon və kəndlərimizin azad olunması barədə qələbə müjdəsi verərkən televiziya qarşısında əyləşən yüz minlərlə insan sevinc göz yaşlarını saxlaya bilmirdi. Şuşanın azad edilməsi xəbərini eşidərkən insanların sevincinin həddi-hüdudu yox idi. Noyabrın 8-də Azərbaycan Prezidenti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Şəhidlər xiyabanına gedərək oradan xalqa müraciət etdi. Dövlət başçısı sonsuz qürur hissi ilə ata vəsiyyətini və şəhidlərin ruhu qarşısındakı borcunu yerinə yetirdiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirdi. O insanlar qəhrəman olurlar ki, vaxtında düzgün və cəsarətli qərarlar qəbul edə bilirlər. Prezident İlham Əliyev qurduğu Azərbaycan Ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə Müzəffər Ali Baş Komandan kimi öz adını yaza bildi.
Prezident İlham Əliyev müasir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Dövlətimizin başçısı xalqa müraciətlərində deyibdir: “Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”.
Beləliklə, danışıqlar masası arxasında dəmir məntiq, polad iradə, müqayisə oluna bilməyəcək elmi potensiala malik bir siyasi xadimlə üzləşdiklərini, dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qalanlar oldu. Düşmənin belini Azərbaycan əsgərinin əzmi, cəsarəti, qorxmazlığı ilə yanaşı həm də Müzəffər Ali Baş Komandanın qətiyyəti qırdı. Dünyanın bir çox gücləri üstümüzə gəldilər. Amma gəldikləri yerdə də dayanmaq məcburiyyətində qaldılar. Çünki qarşılarında, Müzəffər Ali Baş Komandandan güc alan Azərbaycan Ordusu var idi. Prezidentin hər çıxışı, hər sözü ordumuzun, əsgərlərimizin döyüş ruhunu artırırdı. Əsgər ordunun başında iradəli bir sərkərdənin durduğunu görürdü, hiss edirdi. Düşmənlə üzbəüz olan əsgər hər an Müzəffər Ali Baş Komandanın da onun yanında olduğunu hiss edir, onun dəmir yumruğunun düşmən üçün nə dərəcədə qorxulu olduğunu bilərək daha böyük cəsarətlə irəli gedirdi.
“Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq, 27 sentyabrda başlanan Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladıqları üçtərəfli bəyanatla başa çatdı. Bu bəyanat, əslində, Ermənistanın kapitulyasiyası idi. Beləliklə, dünya hərb tarixinin ən şanlı səhifələrindən birini yazan Azərbaycan Ordusu düşmənin hərb maşınını darmadağın edib onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dağılan təkcə erməni ordusu deyildi, eyni zamanda, uzun illərdir ermənilərin beynini zəhərləyən erməni mifologiyası oldu. Bu 44 günlük müharibədə 30 il öncə işğal edilmiş torpaqlarımız azad oldu. İtirilmiş Qarabağ yenidən və əbədilik öz doğma insanlarına qovuşdu. Biz 44 günlük Vətən müharibəsinin gedişində peşəkar, vahid komandanlığın intensiv fəaliyyətinin, yüksək səviyyəli idarəetmənin, dövlət və hökumət orqanlarının bir orqanizm kimi vahid mərkəzdən, qüsursuz idarə edilməsinin, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının sarsılmaz birliyinin və əzminin şahidi olduq. İndiyə kimi aparılan xarici siyasətin doğru, dürüst, qüsursuz olduğunu gördük. 44 günlük müharibədə dünyaya “demokratiya”, “ədalət” donu biçən bəzi Avropa dövlətlərinin, əslində, nə dərəcədə ədalətsiz olduğunu gördük. Nə ədalət, nə də hüquq tanıdılar. Belələrinə Müzəffər Ali Baş Komandanının verdiyi dərs çox məntiqli və konkret oldu. 44 günlük Vətən müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan xalqı öz Vətəni, torpağı üçün canından keçməyə hazır bir xalqdır”,- deyə Əlimusa İbrahimov fikrini yekunlaşdırıb.