CƏMİYYƏT
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi avqustun 21-də keçiriləcək
Bakı, 15 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi avqustun 21-də saat 10:00-dan başlayaraq dörd saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, imtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət ediləcəklər.
Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda verilib.
Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı avqustun 19-da və 20-də saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.
İmtahanla bağlı əlavə məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.