CƏMİYYƏT
Prokurorluq orqanlarının kadr korpusunun komplektləşdirilməsi işi davam etdirilir
Bakı, 18 may, AZƏRTAC
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarında islahatların dərinləşdirilməsi, o cümlədən kadrlar işinin səmərəliliyinin artırılması məqsədilə işlər davam etdirilir. Xəbər verildiyi kimi, Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi Niyaz Məmişov, Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdıqlarına görə Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə tutduqları vəzifədən azad edilməklə prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prokurorluğunun Fəxri fərmanı ilə təltif edilən həmin prokurorluq işçiləri Baş Prokurorluğa dəvət olunublar. Onlara Fəxri fərmanlar təqdim edilib.
Bu məqsədlə keçirilən tədbirdə Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında uzunmüddətli peşəkar fəaliyyətlərinə görə onlara təşəkkürünü bildirib.
Səmimi görüşə görə minnətdarlıqlarını bildirən sabiq prokurorluq işçiləri fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək xidmət illəri ərzində qazandıqları təcrübəni prokurorluğun gənc əməkdaşlarından əsirgəməyəcəklərini ifadə ediblər.
Prokurorluq orqanlarında fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə kadr islahatları aparılıb. Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad ediliblər. Toğrul Muxtarov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi, Namiq Məmmədov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyin olunublar.
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.