REGİONLAR
QƏBƏLƏNİN NİC KƏNDİNDƏ 193 DONUZ MƏHV EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, bu günədək Qəbələ rayonunun Nic kəndində “Afrika taunu” xəstəliyinə yoluxmuş 193 donuz məhv edilmişdir.
Dövlət Baytarlıq Xidməti xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji nəzarət sektorunun rəhbəri Kliment Əsədovun ehtimalına görə, virus kəndə Gürcüstandan alınmış donuz əti vasitəsilə gətirilmiş, və bu ətin qalıqları ilə təmasda olmuş donuzlara yoluxmuşdur. Hələlik mütəxəssislər araşdırma aparırlar. Rayonun iri yaşayış məntəqələrindən olan və 1200-ə yaxın fərdi təsərrüfata malik kənddə 750 donuz saxlanılır. 18 təsərrüfatda xəstəlik qeydə alınmış, xəstə donuzlar məhv edilərək xüsusi yerlərdə basdırılmışdır. Sakinlər görülən tədbirlərin vacibliyini anlayır və epizootik qrupun fəaliyyətinə şərait yaradırlar.
Kliment Əsədov qeyd edir ki, “Afrika taunu” yalnız donuzdan donuza keçə bilir, insanlar və digər heyvanlar ona yoluxmurlar. Müalicəsi olmayan bu xəstəliyi süni yolla da yoluxdurmaq mümkün deyildir.
Mütəxəssis xəstəliyin əlamətlərini də sadalamışdır: yemdən imtina, qısa müddətdə hərarətin yüksəlməsi, ishal, ardınca qəbizlik, qanaxma, ayaqlarda parezlər müşahidə olunur, donuz ayağa dura bilmir. Bu proses iki gündən yeddi günədək davam edir və heyvan tələf olur.
Son bir neçə gündə yeni yoluxma halları müşahidə edilməmişdir. Epizootik qrup öz fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir. Qoyulmuş karantin qüvvədədir.