SİYASƏT
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ GÜRCÜSTAN PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRMİŞDİR
Məktubda, həmçinin, qurultayda Qafqaz müsəlmanlarının qarşılarına qoyduqları vəzifələrə diqqətə, dəstəyə və rəğbətə görə səmimi təşəkkür ifadə edilmişdir. Şeyxülislam vurğulayır ki, region müsəlmanlarını birləşdirən idarənin devizi bizim qurultayın da devizi olmuşdur. Bu, Qurani-Kərimin müqəddəs ayəsində deyildiyi kimi: “Allahın ətəyindən yapışın və ayrılmayın!” kəlamıdır. Biz dini-əxlaqi prinsiplərimizə əsaslanaraq, Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına, region xalqları və ölkələri arasında qarşılıqlı hörmət və əməkdaşlığa birgə dini töhfəmizi gücləndirmək əzmindəyik.
Məktubda deyilir: “Biz hesab edirik və Sizin qurultay iştirakçılarının səmimi razılıq və minnətdarlıq hissi ilə qarşıladıqları məktubunuzda da bildirdiyiniz kimi, milliyətindən və dini etiqadından asılı olmayaraq, Allah Taalaya xoş gedən məqsədlərin – mühüm problemlərin həllində bütün insanların səylərini birgə fəaliyyət göstərmək zərurəti naminə birləşdirmək çox vacibdir. Qurultayda qeyd olunmuşdur ki, hörmətli Prezident Şevardnadzenin həyata keçirdiyi siyasət sayəsində Gürcüstanda bütün vətəndaşların, o cümlədən müsəlmanların bütün konstitusiya hüquq və azadlıqlarının gerçəkləşdirilməsi üçün əlverişli şərait yaradılmışdır”.