İQTİSADİYYAT
QARŞIDAN GƏLƏN QIŞDA ENERJİ TƏMİNATINDA ÇƏTİNLİK YARANMAYACAQDIR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə bildirmişdir ki, bizim tələbatımız, iqtisadi potensialımız artır. Azərbaycan iqtisadi artım sürətinə görə dünyada lider dövlətdir. Əlbəttə, yeni yaradılan iş yerləri, açılan zavodlar, fabriklər, tikilən binalar, fərdi yaşayış evləri əlavə elektrik enerjisi və qaz tələb edir. Ölkəmizin imkanları artır və təbii ehtiyatların səmərəli işlənməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi, neft hasilatının artırılması Azərbaycanda bu sahədə problemlərin həlli üçün çox mühüm vasitədir.
Qarşıdan gələn qışda ölkəmizdə enerjiyə olan tələbatda çətinlik yaranmayacaq və biz elektrik enerjisi istehsal edən qurğular yaradırıq deyən dövlət başçısının sözlərinə görə, bu il ərzində Astarada və Şəkidə yeni, modul tipli stansiyalar istismara verilmiş, yaxın günlərdə isə Xaçmaz, Bakı və Naxçıvan şəhərlərində istifadəyə veriləcəkdir. Beləliklə, bir il ərzində 500 meqavata qədər əlavə elektrik enerjisi əldə edilir.