İQTİSADİYYAT
QEYRİ-QANUNİ YOLLA MƏHSUL İSTEHSAL EDƏNLƏR CƏRİMƏLƏNMİŞLƏR
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, bu günlərdə 12 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları Gəncə şəhərinin Z.Hacıyev küçəsindəki 59 nömrəli binada yerləşən, “Qurdoğlu” məhdud məsuliyyətli cəmiyyətə məxsus su istehsalı sexində kənar şəxslərin əmtəə nişanından istifadə olunmaqla, sərinləşdirici içkilər istehsal olunması faktını aşkarlamışlar. Sexə baxış zamanı üzərində “Kola” yazılmış 12 min 800 etiket, 3500 plastik butulka və 6 ədəd hazır “Kola” məhsulu aşkar olunmuşdur. Faktla bağlı toplanmış bütün materiallar müvafiq tədbir görülməsi üçün Gəncə şəhərinin Nizami rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə “Qurdoğlu” MMC-ni 715 min manat, onun vəzifəli şəxsini isə 192,5 min manat məbləğində cərimələmişdir.
Tanınmış əmtəə nişanları ilə bazara saxta məhsul çıxarılması faktı 9 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində olan Zərdab rayonunda da aşkara çıxarılmışdır. Vergi xidməti əməkdaşları rayonda operativ nəzarət tədbirləri həyata keçirərkən süd zavodunun köhnə binasında limonad bağlamaq üçün avadanlıq müəyyən etmişlər. Sexdə, həmçinin 9 min ədədə yaxın “Qazlı su”, “Düşes”, “Fanta” və “Super portağal-ərik” etiketli hazır məhsullar aşkar olunmuşdur. Zavodun gözətçisi Məhyəddin Əhmədov izahatında göstərmişdir ki, sözügedən məhsul ona məxsusdur və onları tanımadığı adamlardan nisyə almışdır. Lakin məhsulu sata bilmədiyindən geri qaytarmaq məqsədi ilə zavodda saxlamışdır. Faktla bağlı araşdırmalar aparılır.