İQTİSADİYYAT
QONŞU DÖVLƏTLƏR ENERGETİKA SAHƏSİNDƏ İŞLƏRİNİ SİNXRONLAŞDIRIRLAR
Xəbər verildiyi kimi, Azərbaycan, Gürcüstan prezidentləri və Türkiyənin Baş naziri tərəfindən üç dövlətin enerji sisteminin işinin sinxronlaşdırılmasına imkan verən Elektrik Verilişi Xəttinin (EVX) tikintisi barədə Deklarasiya imzalanmışdır.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, üç ölkənin energetika idarələrində artıq 4 ildir EVX müzakirə mövzusudur.
“Azərenerji”nin vitse- prezidenti Marlen Əsgərovun sözlərinə görə, layihə həyata keçirilərkən işin əksər hissəsi Türkiyə və Gürcüstan ərazisində aparılacaqdır. Azərbaycanda isə mövcud EVX və şəbəkələr yenidən qurulacaqdır.
Ekspertlərin fikrincə, EVX 4-5 il ərzində istismara verilə bilər. Onun fəaliyyətə başlaması Ümumavropa energetika məkanına çıxmağa, dünya enerji sisteminə birləşməyə imkan verəcəkdir.
Artıq neçə ildir ki, Azərbaycanın enerji sistemi İran və Rusiyanın müvafiq sistemləri ilə paralel iş rejimində çalışır.
Eyni zamanda, Azərbaycan və İran arasında yeni EVX-nin tikintisi davam etdirilir. Onların istismara verilməsi iki dövlət arasında enerji mübadiləsinin həcmini 200 meqavatdan 700 meqavatadək yüksəltməyə imkan verəcəkdir.