MƏDƏNİYYƏT
QUBADAN ŞAMAXIYA DAĞ YOLLARI İLƏ YENİ TURİZM MARŞRUTU KƏŞF OLUNMUŞDUR
Bakı, 7 sentyabr (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Professional Off-Roaderlər Klubunun (club 4x4) təşkilatçılığı ilə “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi çərçivəsində Qubadan Şamaxı rayonuna dağ yolları ilə “Avto safari” turizm marşrutu həyata keçirilmişdir.
Marşrut iştirakçıları dağ yolları ilə Qubadan Şamaxıya 13 saat ərzində 200 kilometrə yaxın yol qət edərək yeni turizm marşrutunu müəyyənləşdirmişlər.
Layihədə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov başda olmaqla, bu qurumun digər əməkdaşları və turizm şirkətlərinin nümayəndələri yeni marşrutun başlanğıcı və qurtaracağında nazirliyin xüsusi işarəli stendlərini yerləşdirmişlər. Yeni turist marşrutunun kəşf edilməsinə “Club 4x4”ün üzvlərinin idarə etdiyi 11 maşın və 44 iştirakçı cəlb edilmişdir.
Mahir Qəhrəmanov AZƏRTAC-a bildirmişdir ki, bu layihənin həyata keçirilməsinin əsas məqsədi ölkəmizin mövcud turizm potensialından səmərəli istifadə etmək üçün bütün imkanları öyrənmək, yeni turist marşrutları yaratmaq, onu tanıtmaq və təqdim etməkdir. Bundan əlavə, 27 sentyabr - Dünya Turizm Gününə həsr olunmuş tədbirlərdə kəşf olunan yeni turizm marşrutu layihəsinin təqdimatı keçiriləcəkdir.