CƏMİYYƏT
QÜDSDƏ NÖVBƏTİ FACİƏLİ TERROR AKTI
Avqustun 19-da axşam İordan çayının Qərb sahilindəki Həbrun (Hevron) şəhərində 29 yaşlı fələstinli terrorçu–kamikadze reys avtobusuna minərək, içərisi metal qırıntıları ilə doldurulmuş və trotil ekvivalenti ilə 10-15 kiloqram gücündə olan partlayıcı qurğunu maşın yolayrıcında başqa bir avtobusa yaxınlaşarkən işə salmışdır. Sərnişinlərin çoxu Fəryad səddi önündə axşam ibadətindən evə qayıdan ortodoksal yəhudilər idi. Analitiklər qeyd edirlər ki, bu, 2000-ci ilin sentyabrından, ikinci Fələstin üsyanından bəri baş vermiş ən dəhşətli terror aktlarından biridir.
Bu terror aktına görə məsuliyyəti əvvəlcə ” İslam cihadı” ekstremist təşkilatı öz üzərinə götürmüşdür. Təşkilatın nümayəndəsi bildirmişdir ki, bu terror aktı avqustun 14-də İsrail ordusunun hərbi əməliyyatları gedişində “İslam cihadı”nın Həbrun şöbəsinin başçısı Məhəmməd Sidrin qətlə yetirilməsinə cavabdır. Lakin artıq avqustun 20-də daha bir silahlı təşkilat - İslam Müqavimət Hərəkatı ( HƏMAS) Qüdsdə partlayışın təşkilində əli olduğunu bəyan etmişdir.
Fələstin muxtariyyətinin baş naziri Mahmud Abbas Qüdsdəki bu terror aktını pisləmişdir. Partlayış baş verərkən o, Qəzzədə HƏMAS və “İslam cihadı”nın nümayəndələri ilə iyunun 29-da imzalanmış atəşkəs barədə sazişə riayət olunması məsələsini müzakirə edirdi.