REGİONLAR
“QUŞ QRİPİ” İLƏ BAĞLI QABAQLAYICI TƏDBİRLƏR DAVAM ETDİRİLİR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ölkədə “quş qripi” ilə bağlı qabaqlayıcı profilaktiki tədbirlərin həyata keçirilməsi davam edir.
İndiyədək Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssisləri ölkə miqyasında bir neçə dəfə monitorinq keçirmişlər. Noyabrın 8-dən 20-dək olan dövrü əhatə edən növbəti monitorinq zamanı 1242 başdan artıq köçəri və ev quşları Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilmiş, onlarda “quş qripi”nin əlamətləri aşkar edilməmişdir.
Buna baxmayaraq, vətəndaşlardan tələb olunur ki, quş ovuna, ov məhsullarının satışına qoyulmuş qadağaya, digər tövsiyələrə ciddi əməl etsinlər.
“Quş qripi” ilə bağlı milli parklarda, qoruqlarda və köçəri quşların məskunlaşdığı müvafiq yerlərdə gücləndirilmiş nəzarət, qabaqlayıcı profilaktiki tədbirlər davam etdirilir.