DÜNYA
Qabaqlayıcı tədbirlərin qismən yumşaldılması ilə Türkiyənin COVID-19 xəritəsi yenidən qırmızıya bürünüb
İstanbul, 30 mart, AZƏRTAC
Artıq bir neçə gündür COVID-19-a qarşı qabaqlayıcı tədbirlərin qismən yumşaldılması ilə yenidən normallaşmaya addım atan Türkiyədə yoluxma hallarının sürətlə artması müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, ölkənin risk xəritəsində bir neçə şəhər istisna olmaqla bütün vilayətlər qırmızı rəngdə, yəni, yüksək risk şəraiti kimi işarə edilib. Bununla bağlı martın 29-da ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən Türkiyənin Nazirlər Kabinetinin növbəti iclasında karantin qaydalarının yenidən sərtləşdirilməsinə dair bir sıra qərar qəbul edilib.
Ən yüksək risk qrupuna daxil olan vilayətlər arasında yer alan, dünyanın ən böyük meqapolislərindən olan İstanbulda artan yoluxma halları səbəbindən xəstəxanaların COVID-19 şöbələrində xəstə sıxlığı yaranıb. Bu səbəbdən yeni COVID-19 servisləri istifadəyə verilir. Şəhər xəstəxanalarına müraciət edənlərin böyük əksəriyyəti 40-65 yaş arası olanlardır. Ən çox artım isə yaşı 65-dən yuxarı olanlar arasında müşahidə edilir. Mütəxəssislər bunun səbəbinin ölkədə mutasiyaya uğrayan virusun hər gün daha çox yayılması ilə izah edirlər.
Elm adamları hazırda COVID-19-un üçüncü pik nöqtəsinin yaşandığı Türkiyədə müəyyən olunan qadağalara riayət edilmədiyi təqdirdə yoluxma hallarının daha da artacağı ilə bağlı xəbərdarlıq edirlər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul