İDMAN
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Tailand millisinə uduzub YENİLƏNİB 3
Tokio, 4 oktyabr, AZƏRTAC
Oyunun dördüncü setində də təşəbbüsü əldən verməyən Tailand voleybolçuları seti qələbə ilə başa vurublar - 25:17. Beləliklə, oyun 1:3 hesabı ilə Tailand yığmasının qələbəsi ilə başa çatıb.
Bu oyunda məğlub olmasına baxmayaraq, Azərbaycan yığması növbəti mərhələyə yüksəlib. Dünya çempionatının C qrupunda keçirdiyi 5 görüşün ikisində qalib gələrək 6 xal toplayan milli komandamız qrupu dördüncü sırada başa vurub. Tailand yığması isə 10 xalla üçüncü pillədə yer alıb.
Koreya Respublikasının voleybolçuları sonuncu turda Trinidad və Tobaqo yığmasına 3:0 hesabı ilə qalib gəlsələr də, bu təsəlliverici qələbə olub. Koreyalılar 4 xalla qrupda beşinci, xalı olmayan Trinidad və Tobaqo isə sonuncu sırada qərarlaşıblar.
Qrup birincisi adı uğrunda hər birinin aktivində 11 xal olan Rusiya və ABŞ milliləri qarşılaşacaqlar.
12:56
Üçüncü setdə üstünlüyü ələ alan rəqib komanda 25:19 hesabı ilə qalib gəlib. Tailand yığması hazırda ümumi hesabda irəlidədir – 2:1.
Hazırda görüşdə dördüncü set oynanılır.
12:16
Oyunun ikinci setində psixoloji gərginliyi aradan qaldıraraq təşəbbüsə yiyələnən voleybolçularımız böyük fərqlə qalib gəliblər - 25:15.
Hazırda görüşdə üçüncü set oynanılır.
12:05
Azərbaycan millisi qadınlar arasında voleybol üzrə dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununu oktyabrın 4-də Kobedə Tailand yığmasına qarşı keçirir.
AZƏRTAC xəbər verir ki, oyunun birinci seti Tailand idmançılarının qələbəsi ilə başa çatıb - 25:22.
Tailand yığmasına qarşı oyunda komandamızın heyətində Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alena Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva yer alıblar.
Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası yığmaları ilə birgə “C” qrupunda mübarizə aparır. Qrupda altı xalla dördüncü yerdə qərarlaşan komandamız bu oyunun nəticəsindən asılı olmayaraq, ikinci qrup mərhələsinə vəsiqəni təmin edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio