CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya səfərə gedir
Bakı, 3 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 5-də İspaniyaya səfərə gedəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda keçirilmiş beynəlxalq tədbirlərin ardınca Madriddə təşkil ediləcək bu konfransda Milli Məclisin deputatları, ölkəmizin tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Azərbaycanı QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları - Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev və Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete təmsil edəcəklər.
İspaniya Krallığı Ədliyyə Nazirliyinin dəstəyi ilə keçiriləcək bu beynəlxalq tədbirdə Valensiya Arxiyepiskopu Kardinal Antonio Kanizares, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, eləcə də din xadimləri iştirak edəcəklər. Nümayəndə heyəti səfər çərçivəsində İspaniya Senatında, Ədliyyə və Xarici İşlər nazirliklərində olacaq, Madrid meri və dini icma rəhbərləri ilə görüşəcək.
Azərbaycan-İspaniya dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük önəm kəsb edən bu beynəlxalq konfransa Azərbaycan, İspaniya ilə yanaşı, Avropa, Asiya, Latın Amerikası, Afrikanın ümumilikdə 60 ölkəsindən 600-ə yaxın tanınmış dövlət, hökumət rəsmiləri, o cümlədən, iki nazir, üç komitə sədri, sabiq dövlət və hökumət başçıları, Müqəddəs Taxt-Tacın (Vatikan) kardinalı, Rus Pravoslav Kilsəsinin xüsusi nümayəndəsi, dini konfessiya rəhbərləri, o cümlədən 3 baş ravvin, 60 dövlətin İspaniyada akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri, nüfuzlu ziyalılar, universitet rektorları, habelə tanınmış iş adamları qatılacaqlar.