CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiyaya səfərə gedir
Bakı, 20 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 22-də Rusiya Federasiyasına səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq və Rusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsinin birlikdə təşkil edəcəyi “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi” mövzusunda konfransda iştirak etməkdir.
Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutacaq konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Elmlər Akademiyasının institut rəhbərləri, din xadimlərindən ibarət geniştərkibli nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafı üçün böyük əhəmiyyət kəsb edən beynəlxalq tədbirdə ölkəmizi QMİ sədri ilə bərabər ənənəvi dini konfessiyaların başçıları - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburq şəhərinin rəhbərliyi, tanınmış ictimai-siyasi, elm və din xadimləri ilə yüksək səviyyəli görüşləri nəzərdə tutulur.