REGİONLAR
“Qafqazın sənət məbədi Şuşa Vikipediya”da interaktiv seminarı keçirilib
Sumqayıt, 6 iyun, AZƏRTAC
Sumqayıtda Gənclər evində “Qafqazın sənət məbədi Şuşa Vikipediya”da adlı interaktiv seminar keçirilib. Tədbir şəhər Gənclər və İdman Baş İdarəsi və Gənc Müəllimlər Şurasının birgə səyi ilə təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, seminarın məqsədi 2022-ci il - “Şuşa İli”nin qeyd edilməsi ilə əlaqədar gənclərin ölkəmiz və zəngin tariximiz barədə elmi məqalələrin “Vikipediya” da yerləşdirilməsi, redaktəsinə dair bilik və bacarıqların formalaşdırılması, informasiya strukturlarının düşmən təsirindən qorunması, həmçinin sosial platformalarda ölkəmizə qarşı dezinformasiyaların qarşısının alınması olub.
Beynəlxalq ekspert Ramil Süleymanov “Vikipediya”nın prinsiplərindən söz açıb, ensiklopedik məqalələrin yaradılmasının qaydaları, monitorinqi, şablonlar və mənbələrdən istifadə üsulları, müəllif hüquqları, viki-mühitdə konfliktlərin həlli yolları barədə gənc müəllim və könüllülərə geniş məlumat verib.
Seminar maraqlı müzakirələrlə yadda qalıb. Gəncləri maraqlandıran suallar cavablandırılıb, aktiv iştirakçılara sertifikatlar təqdim edilib.