ELM VƏ TƏHSİL
“Qafqazşünas tarixçilərin VI beynəlxalq forumunun materialları” məcmuəsi müzakirə edilib
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Qafqazşünaslıq İnstitutunda növbəti elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda 2019-cu ilin 13-15 noyabrında Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi tərəfindən Rostovda keçirilmiş “Qafqazşünas tarixçilərin VI beynəlxalq forumunun materialları”(Rostov Don: REA CEM- 2019) məcmuəsi müzakirə edilib.
Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məcmuədə dərc olunan məqalələrin məzmununu əməkdaşların nəzərinə çatdırıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Ramilə Dadaşova Qafqazşünaslıq İnstitutu əməkdaşlarının forum materiallarında dərc olunan məqalələrində xəbərdarlıq etmədən dəyişikliklər aparılmasını müəllif hüquqlarının kobud şəkildə pozulması olduğunu bildirib. O, həmçinin erməni müəlliflərin məqalələrindəki saxtakarlıqları faktlarla sadalayıb. İnstitut əməkdaşlarından - Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmləri doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə çıxış ediblər.
Sonda məcmuəyə dair qeydləri məqalə formasında dərc etmək barədə razılığa gəlinib.