QAN YADDAŞI
Qafqazşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı 20 Yanvar faciəsinin xalqımızın tarixinə qanlı və eyni zamanda, qəhrəmanlıq, şərəf səhifəsi kimi yazıldığını qeyd edib. O, baş verən siyasi proseslərdən bəhs edərək, faciənin əsas səbəblərinə toxunub.
M.Qasımlı bildirib ki, yalnız ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə bütün çətinliklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, törədilən bu cinayəti qətiyyətlə pisləyib və bəyanatla çıxış edib. Sonrakı illərdə ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verib.
Elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, institutun əməkdaşı Məzahir Sadıxov baş verən hadisənin Azərbaycan xalqına qarşı törədilən cinayət və açıq təcavüz olduğunu, həmçinin dünya dövlətlərinin bu hadisəyə verdiyi qiymətdən bəhs ediblər.