DÜNYA
Qalmaqal davam edir. “Fides”i Avropa Xalq Partiyasından xaric edəcəklərmi?
Budapeşt, 14 mart, AZƏRTAC
Budapeştin hər yerində asılmış qalmaqallı plakatlarla əlaqədar, Avropa Xalq Partiyasının (AXP) başçısı Manfred Veber ilə Macarıstanın baş naziri Viktor Orban arasında danışıqlar nəticəsiz başa çatıb. Doğrudur, Veberin səfəri dövründə bu plakatlar çıxarılıb, lakin prinsipial məsələlərə dair fikir ayrılıqları aradan qalxmayıb.
AZƏRTAC xatırladır ki, bu qalmaqala səbəb Macarıstanın hakim “Fides” partiyasının seçkiqabağı kampaniyası olub. “Fides” Avropanın indiki rəhbərlərini birbaşa bunda ittiham edir ki, onlar müsəlman miqrantların Avropaya axınını süni şəkildə artırmağa çalışırlar. Maraqlıdır ki, həmin plakatların “qəhrəmanları”ndan biri – Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker məhz Avropa Xalq Partiyasını təmsil edir. Nəticədə alyansa daxil olan 56 hərəkatın 13-ü “Fides”in bu partiyadan xaric olunmasını tələb edib.
Avropa Xalq Partiyasının növbəti iclası martın 20-nə təyin edilib. Həmin iclasda, o cümlədən, Orbanın başçılıq etdiyi hərəkatın AXP-dən xaric edilməsi məsələsinə də baxılacaq.