QAN YADDAŞI
Qanlı Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindəndir
Bakı, 20 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi tarixə düşüb.
Bu sözləri Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn tələbə Səyyad Mirzəzadə AZƏRTAC-a müsahibəsində deyib.
S.Mirzəzadə bildirib ki, vaxtilə güvənib etibar etdiyimiz sovet qoşunları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda ağlasığmaz vəhşiliklər törədərək, günahsız, əliyalın insanları qətlə yetiriblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. O vaxtdan 27 il keçsə də, şəhidlərimizin ruhu bizim üçün daim əzizdir. Qoy şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi Vətənimiz bu gün inkişaf edir, böyük uğurlara imza ataraq sabaha inamla baxır.