REGİONLAR
“Qara qartal” ləqəbli şəhid Asim Abbasovun oxuduğu məktəbdəki sinif onun adını daşıyacaq VİDEO
İmişli, 3 may, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi qəhrəmanlarından olan şəhid kəşfiyyatçı Asim Abbasovun şəhadətdə olan ilk doğum günü qeyd edilib. Əlamətdar gündə şəhidin oxuduğu məktəbdə sinfə Asim Abbasovun adı verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, döyüşçü yoldaşlarının “Qara qartal” adlandırdıqları Asim düşmənin kabusuna çevrilmişdi. Asim yaşasaydı, qələbə sevincli doğum gününü 4 övladı, doğmaları ilə qeyd edəcəkdi. Lakin o, Vətəni uğrunda canını fəda etməklə nəinki doğmalarına, Azərbaycana qələbə bəxş edənlər sırasına adını yazdırdı. İndi Asimin cənnətdə olduğu ilk doğum günü qeyd edilir.
Şəhid anası Nuridə Abbasova övladının qəhrəmanlıqlarından gözüyaşlı danışsa da, qürur hissi keçirdiyini deyir. Çünki Asim indi təkcə Nuridə ananın deyil, Azərbaycanın övladıdır. Asim Vətəni öz ailəsindən də üstün tutmaqla gələcək nəsillərə örnək oldu.
O, hərbi xidməti bitirdikdən sonra könüllü olaraq Vətən keşiyində dayanmağı qərara aldı və ömrünün 8 ilini ön cəbhədə kəşfiyyatçı olaraq xidmət etdi. Sentyabrın 27-də düşmən hücumunun qarşısının alınması məqsədilə başlayan əks-hücumda döyüşə ilk atılanlardan oldu. Sağlığında xidməti və şücaəti barədə bir kəlmə olsun belə danışmayan Asimin qəhrəmanlığı haqqında ailəsi onun döyüşçü yoldaşlarından eşidərək xəbərdar oldu.
Doğum günündə Asimin oxuduğu məktəbdəki sinfə onun adı verilib. Bu münasibətlə həmin sinfin şagirdləri ilə görüş keçirilib, Asimin qəhrəmanlığından söhbət açılıb. Görüşdə şəhidin anası, övladları, döyüşçü yoldaşları iştirak edib. Bildirilib ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən Asim kimi minlərlə qəhrəman oğullarımız sayəsində yeni tariximiz yazıldı. Şəhidlərimiz Vətən həsrətinə son qoymaqla, həm də gələcək nəsillərin örnək alacağı bir salnaməyə çevrildilər. Bu tarixi yeniyetmə və gənclərimiz hər zaman qoruyub saxlamalı, şəhidlərimizi bir an belə unutmamaq üçün əlindən gələni etməlidirlər.
Şəhid Asim Abbasovun döyüşçü yoldaşı Vüqar Səfərov bildirib ki, Asim qorxmaz, igid döyüşçü olub. O, hər zaman belə bir ifadə işlədərdi, “düşmənin gülləsi məni öldürə bilməz”. Belə də oldu, döyüşlərdə yaralanmasına baxmayaraq, Asim zərrə qədər də geri çəkilmədi. Çarəsiz düşmən onun yerini tankla vurmağa məcbur oldu. Ağır yaralanan Asim onlarla düşməni məhv edərək, şəhidlik zirvəsinə ucaldı.
Qeyd edək ki, şəhid Asim Abbasov 1987-ci ildə İmişli rayonunun Hacırüstəmli kəndində doğulub. Səkkiz il Vətən keşiyində dayanan Asim hələ Aprel döyüşlərində düşmənə qan udduran kəşfiyyatçılarımızdan olub. Bundan başqa, dəfələrlə erməni təxribatının qarşısının alınmasında yerinə yetirilən əməliyyatlarda iştirak edib. Vətən müharibəsinin ikinci günündə Asim şəhidlik zirvəsinə ucalıb. O, ata-baba yurdu olan Hacırüstəmli kəndində dəfn edilib.
Asimin 3 qız, 1 oğlan övladı yadigar qalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.