CƏMİYYƏT
“Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıb
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Parlament Jurnalistlər Birliyinin milli mətbuatımızın yaranmasının 141 illiyi ilə əlaqədar jurnalistlər arasında keçirdikləri “Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?” mövzusunda müsabiqənin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri Bayram Səfərov bununla bağlı keçirilən tədbirdə çıxış edərək müsabiqəyə ümumilikdə 61 yazının təqdim olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, 2016-cı ilin aprel hadisələri ilə bağlı 60, milli mətbuatımızın formalaşmasında Qarabağ mövzusunda isə bir yazı təqdim olunub.
Bayram Səfərov ümummilli lider Heydər Əliyevin ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin olunması, qanunvericilik bazasının formalaşdırılması istiqamətində gördüyü mühüm işlərdən, aparılan islahatlardan danışıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
İctimai Birliyin sədri bu il aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrdən də danışıb. O, aprel döyüşlərində Azərbaycan ordusunun tarixi qələbə qazandığını, bu uğurun Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Silahlı Qüvvələrimizin və xalqımızın böyük nailiyyəti olduğunu vurğulayıb. İcma rəhbəri aprel hadisələrində əldə etdiyimiz uğurların işıqlandırılmasında Azərbaycan mediasının mühüm rolunun olduğunu diqqətə çatdırıb.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Rövşən Rzayev, Aqil Abbas, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqaları müsabiqənin olduqca aktual mövzuya həsr edildiyini söyləyiblər. Onlar aprelin 2-nin hər zaman Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacağını bildiriblər. Qeyd edilib ki, həmin günlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Çıxış edənlər əminliklə bildiriblər ki, işğal altındakı bütün torpaqlarımız tezliklə azad edəcək, qələbə bayrağı ölkəmizin həmin ərazilərində də asılacaq.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıblar.