ELM VƏ TƏHSİL
Qarabağ Elmi-Tədqiqat Bazasının dirçəldilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir
Bakı, 28 oktyabr, AZƏRTAC
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun sədrliyi ilə keçən iclasda I kurs magistrantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi, şuranın tərkibində qismən dəyişikliyin edilməsi, “Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda keçirilmiş tarla seminarının nəticələrindən irəli gələn vəzifələr, 2021-ci ilin yekun hesabatına, II Beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresinə hazırlıq və s. məsələlər müzakirə olunub.
Cari ildə instituta qəbul olmuş 9 magistrantın hər biri ilə təyin olunmuş dissertasiya mövzusu və elmi rəhbərinin təsdiq edilməsinə dair müsahibə aparılıb. Tədqiqat obyekti bitki, heyvan və insan olan genetik araşdırmalara dair dissertasiya mövzularının aktuallığı nəzərə alınaraq şura üzvləri tərəfindən mövzular və elmi rəhbərlər yekdilliklə təsdiqlənib.
Zeynal Əkpərov AMEA Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə “Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda oktyabrın 22-də Tərtər rayonunun Şıxarx qəsəbəsində tarla seminarının yüksək səviyyədə keçirildiyini şura üzvlərinin nəzərinə çatdırıb. Bölgənin genetik ehtiyatlarının bərpası, yeni məhsuldar sort və cinslərin yaradılması, mühafizə olunması və davamlılığının təmin edilməsi üçün 1950-1989-cu illərdə institutun mülkiyyətində və istifadəsində olmuş 1694 hektar ərazinin dirçəldilməsi və infrastrukturunun bərpasının qarşıda duran başlıca vəzifə olduğu bildirilib.
İclasda, həmçinin institutun baş meneceri Rafail Mahmudov Elmi şuraya üzv seçilib, bir sıra digər məsələlər müzakirə olunub.