REGİONLAR
Qarabağ qazisi: Laçınımız da özümüzə qaytarıldı
Göyçay, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-i bizim üçün sevincli bir gündür. Kəlbəcərdən sonra Silahlı Qüvvələrimiz Laçına daxil oldu və beləliklə, Qarabağımız erməni işğalçılarından azad edildi. İndi birinci Qarabağ müharibəsində çiyin-çiyinə döyüşdüyüm laçınlı yoldaşlarıma zəng edir, 28 illik işğal altında qalan və həsrətində olduqları doğma yurdun xilası üçün onları təbrik edirəm.
Bu sətirləri AZƏRTAC-ın bölgə müxbirinə ikinci qrup Qarabağ müharibəsi əlili, qazi Əlfi Musayev söyləyib: “Bu gün Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edirik. Cəmi 44 gündə uzun illərdən bəri torpaqlarımızı işğal edib möhkəmlənən Ermənistan ordusunu ağır məğlubiyyətə uğradaraq qaçmağa məcbur etdi. Bunun üçün mən qazi dostlarım adından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, onunla fəxr etdiyimizi bildirirəm”, - deyə o vurğulayıb.
Göyçay rayonunun Çərəkə kəndində doğulan qazimiz birinci Qarabağ müharibəsində işğalçı Ermənistan ordusuna qarşı döyüşlərə könüllü qoşulub. 1993-cü ildə Kəlbəcər ətrafında gedən qeyri-bərabər döyüşdə ağır yaralanıb və sol ayağını itirib. İndi iki övladı var. Bu yaxınlarda Çərəkə kəndində dövlət tərəfindən onun üçün fərdi yaşayış evi tikilərək hədiyyə edilib: “Əlbəttə, erməni vəhşilərinin qaçarkən Qarabağımızda və ətrafda şəhər, qəsəbə və kəndlərimizi viran etdikləri, bütün sosial strukturu dağıtdıqları bir vaxtda bizə göstərilən diqqət və qayğı üçün ölkə başçısına ailəmiz adından minnətdarlığımı bildirirəm”, - deyə qazi Əlfi Musayev söyləyib.