İQTİSADİYYAT
“Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması ölkəmizin neft strategiyasının uğurla davam etdirilməsinin göstəricisidir
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin ən böyük nailiyyətlərindən biridir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası müstəqil dövlətimizin hərtərəfli inkişafının bünövrəsini təşkil edir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması ölkəmizin neft strategiyasının uğurla davam etdirilməsinin əyani göstəricisidir. Deputat qeyd edib ki, neft strategiyası ölkəmizə yalnız sosial-iqtisadi deyil, həm də siyasi dividentlər qazandırır. Belə ki, Azərbaycan ötən illər ərzində beynəlxalq müstəvidə əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib, dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Təbii ki, bu amillər Azərbaycanın müstəqil dövlət kimi dünyada yerinin və rolunun güclənməsinə ciddi təsir göstərib.
Prezident İlham Əliyevin iştirakı ilə dayaq blokunun göndərildiyi yatağın tarixi torpağımız olan Qarabağın adının daşıdığını bildirən deputat söyləyib: “Dövlətimizin başçısı qeyd etdiyi kimi, bu, rəmzi məna daşıyır. Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi - AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısının bu fikirləri xalqımızda bir daha əminlik yaradır ki, işğal altındakı torpaqlarımız tezliklə azad ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq”.
Ölkəmizin müəllifi olduğu ən böyük layihələrdən birinin - Cənub Qaz Dəhlizinin tam reallaşmasının başa çatmaq üzrə olduğunu qeyd edən deputat bildirib: “Dövlətimizin başçısı qeyd etdiyi kimi, bu layihə də uğurla icra olunur, onun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaq və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Bu layihə nəticəsində Azərbaycan özünün ixrac potensilanı və coğrafiyasını genişləndirəcək. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Prezident İlham Əliyev bildirib ki, əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaq, biz həmin ölkəyə də qaz ixrac edə bilərik. Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür. Beləliklə, bu amil Azərbaycanın həmin ölkələrlə siyasi əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərə bilər. Dövlətimizin başçısı çox haqlı olaraq qeyd edib ki, Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir. Bu layihəni həyata keçirməklə ölkəmiz Avrasiyanın yeni enerji xəritəsini tərtib edir”.