İQTİSADİYYAT


Qarabağda innovativ maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində işlər aparılır

Bakı, 1 dekabr, AZƏRTAC

“Visa İnc.” beynəlxalq kart təşkilatı və Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi arasında görüş keçirilib. Görüşdə “Visa İnc” şirkətinin regional direktoru Kristina Doros, ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov və digər nümayəndələr iştirak edib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Zakir Nuriyev ABA və “Visa” arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək, bu təşkilatın rəqəmsal ödənişlərin inkişafı, bazara yeni innovativ ödəniş həllərinin daxil olması ilə əlaqədar göstərdiyi səylərə, eləcə də iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı görülən işlərə verdikləri dəstəyə görə təşəkkürünü bildirib. Bununla yanaşı, ABA tərəfindən maliyyə-bank sektoruna aid çoxsaylı tədbirlərin keçirilməsində “Visa”nın yaxından iştirak etdiyini və bundan sonra da xüsusilə bank xidmətlərinin təhlükəsizliyi ilə əlaqədar tədbirlərin davam etdirilməsinin zəruri olduğunu deyib. O, həmçinin ABA-nın nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert qrupu”nun fəaliyyətinə verdikləri dəstəyi xüsusi vurğulayıb.

Zakir Nuriyev bankların hazırda prioritet vəzifəsi olaraq Azərbaycanın işğaldan azad olmuş ərazisində innovativ maliyyə-bank xidmətlərinin yaradılması istiqamətində müvafiq işlər aparıldığını və strateji planların müəyyən edildiyini bildirib. ABA rəhbəri bütün maliyyə-bank sektoru ilə əlaqədar təşkilatların maliyyə-bank infrastrukturunun qurulmasında fəal iştirakının təmin olunacağını qeyd edib.

Kristina Doros isə öz növbəsində, ABA ilə əməkdaşlığı yüksək qiymətləndirib və “Visa” təşkilatının iqtisadiyyatın nağdsızlaşdırılması istiqamətində görülən təşəbbüslərə bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib. Həmçinin ABA tərəfindən hər il keçirilən beynəlxalq tədbirlərdə tərəfdaş olmağa hazır olduqlarını və əlaqədar mövzularda, xüsusilə də rəqəmsal bank xidmətlərində təhlükəsizlik məsələlərinin əhəmiyyətini nəzərə alaraq ABA ilə birgə bu istiqamətdə seminar və vebinarların təşkilinə davam edəcəklərini qeyd edib.

O, “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert qrupu”nun ölkədə rəqəmsal ödənişlərin, innovativ ödəniş həllərinin müzakirə edildiyi mötəbər platforma olduğunu bildirərək, qrupun fəaliyyətində bundan sonra da yaxından iştirakına və banklar tərəfindən Azərbaycan ərazisində maliyyə-bank infrastrukturunun inkişafı istiqamətində görülən işlərə, innovativ rəqəmsal ödəniş həllərinin tətbiqinə dəstək verəcəklərini deyib.

Xatırladaq ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.