REGİONLAR
Qarabağda qazandığımız Qələbə tariximizin ən şanlı, ən qürurlu, ən unudulmaz səhifəsidir
Naxçıvan, 12 noyabr, Rauf Kəngrəli, AZƏRTAC
Azərbaycan xalqı noyabrın 10-dan etibarən tarixi Qələbəsini qeyd edir. Artıq 30 illik həsrətə son qoyuldu. Prezidentimiz, Müzəffər Ali Baş Komandan, qüdrətli ordumuz sıx birliyimizdən güc alaraq dəmir yumruqla Ermənistanın başından vurdu. Bu zərbə nəticəsində düşmən yalanlarla dolu yuxudan ayılıb reallıqla razılaşmalı oldu. İgidlərimizin nifrətdən doğan alovlu hənirtisini başının üstündə ölümün soyuq nəfəsi kimi duyan düşmən ağ bayraq qaldırmalı oldu. Bu ağ bayraq Azərbaycan xalqı üçün təmiz, qürurlu, yeni bir tarix, düşmən üçünsə yalan və rəzalətin gətirdiyi kəfən oldu.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi İlahə Allahverdiyeva deyib. O bildirib ki, birinci Qarabağ müharibəsində hələ ordusu formalaşmamış, silahlı texnikası çox az və könüllülərdən ibarət olan dəstələrlə müharibə aparan düşmən bu torpaqları 30 il işğalda saxlasa da, rəşadətli Azərbaycan Ordusu onu 44 günə azad etdi. Bu qələbə tariximizin ən şanlı, ən qürurlu, ən unudulmaz səhifəsidir. Şuşanı süngü-bıçaqla azad edərək, bizə milli qürurumuzu qaytaran ordumuz bütövlükdə Qarabağımızı azad etməklə azərbaycanlıların haqq yolunda apardığı mübarizəsini, yenilməz ordumuzun gücünü dünyaya göstərdi.
İlahə Allahverdiyeva qeyd edib ki, bu, adi qələbə deyil, 30 illik əsirlikdən sonra anamız Azərbaycanın balası, göz bəbəyi Qarabağına qovuşduğu tarixi bir zəfəridir. Bu zəfər bizi XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımında anasının gözləri qarşısında min bir işgəncə ilə öldürülən uşaqların, düşmən məzarı üstündə qurban yerinə başı kəsilən igidlərin, öldürülən qız-gəlinin qisasları alındığı üçün daha da sevindirir. Vaxtı ilə Qarabağda həyatlarına son qoyulan şəhidlərimizin, 1992-ci ilin şaxtalı qış gecəsində düşmənin gözlərini oyaraq öldürdüyü körpə uşaqların ruhları da Qarabağda yazılan azadlıq dastanını görmək üçün bu torpaqlara qayıdıb. Qarabağda yandırılan evlərin divarındakı həsrət alovunu bu gün sevinc göz yaşları söndürdü.
İlahə Allahverdiyeva bildirib ki, Qarabağda yağan azadlıq yağışının ardından səmada möhtəşəm bir göyqurşağı görünür. Bu göyqurşağının 3 rəngi var- göy, qırmızı, yaşıl. Bu, bizim qürurumuz, varlığımız, şəhidlərimizin qanı ilə müqəddəslik zirvəsinə ucalmış və elə o yüksək zirvədə də əbədi dalğalanan bayrağımızdır. Bu gün torpaqlarımız uğrunda canından keçən igidlər də, bu müqəddəs məkanlara qələbələri ilə can qazandıran aslanlarımız da bayrağımızın kölgəsindən salamlayır Azərbaycanı. Var olsun xalqı bir yumruq ətrafında birləşdirən Ali Baş Komandanımız! Yaşasın azad, müstəqil Azərbaycan!