Qarın yağması əkinçilikdə məhsuldarlığın artmasına səbəb olacaq VİDEO
AzerTAg.az
Cəlilabad, 13 yanvar, İlkin Adıyev, AZƏRTAC
Qarın yağması, iqlimin fəsilə uyğun keçməsi əkinçilikdə çox vacib amildir. Qar bitkiləri, xüsusilə taxıl, tərəvəz-bostan bitkilərini soyuqdan, şaxtadan qoruyur.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Mübariz Nadirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, quraqlıq havalarda gəmiricilər buğda zəmilərinə böyük ziyan vurur. Amma şaxtalı, qarlı havalarda ziyan vura bilmirlər.
Çoxillik bitkilər üçün qarın bir xeyri də ondan ibarətdir ki, rütubət olmayan yerlərdə, yəni meyvə, giləmeyvə və üzüm bağlarında rütubət yaradır. Qarın yağması kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına da səbəb olur.
Fermer Vüqar Musayev də qarın dənli-paxlalı bitkilər, payızlıq taxıl əkinləri üçün çox faydalı olduğunu vurğulayır. Deyir ki, qarın yağması nəticəsində yaranan rütubət torpaqda nəm ehtiyatı formalaşdırır. Bu isə məhsuldarlığın artmasına səbəb olur, bitkinin daha yaxşı inkişafı üçün şərait yaradır.
Ümumiyyətlə, mütəxəssislər bildirirlər ki, yağan qar xüsusilə quraq rayonlardakı əkinlər üçün çox faydalıdır. Qarın yağması məhsuldarlığın yaxşı olacağına işarədir.








Xəbərin mətnində orfoqrafik səhv var