REGİONLAR


Qarlı-şaxtalı hava taxıl sahələrində gəmiricilərin azalmasına səbəb olub VİDEO

Qusar, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonunda bu ilin məhsulu üçün 23 min hektardan çox sahədə taxıl əkilib. Əkin sahələrinin 7040 hektarını suvarılan, 16 min 460 hektarını isə dəmyə ərazilər təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda əkin sahələrində təhlükəli zərərverici olan siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri taxıl sahələrində müşahidələr apardıqdan sonra fermerlərlə birgə operativ tədbirlər görürlər.

Qusar Rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşı Samik Seyidmətov bildirib ki, qış mövsümündə havanın qarlı-şaxtalı keçməsi gəmiricilərin təxminən 30-40 faizədək azalmasına səbəb olub. Gəmiricilərə qarşı bu günədək rayonun Cibir, Düztahir, Nəcəfkənd, Yuxarı Qələnxur, Urva, Avaran və başqa kəndlərində 4950 hektardan çox taxıl sahələrində müşahidələr aparılıb. 2844 hektar sahədə isə dövlət vəsaiti hesabına sink-fosfid preparatı ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri taxılçılıqla məşğul olan fermerlərə və fiziki şəxslərə siçanabənzər gəmiricilərə qarşı mübarizə haqqında məsləhət və tövsiyələr, o cümlədən pestisidlərdən düzgün istifadə qaydaları, habelə istifadə zamanı təhlükəsizlik tədbirləri barədə yazılı məlumatlar verirlər.

Mütəxəssislər yeni əkilən taxıl sahələrində siçanabənzər gəmiricilərin olmasını yay şumunun vaxtında aparılmaması, küləşin sahədən götürülməməsi və şumun səthi aparılması ilə izah edirlər.

Qusarda bu ilin məhsulu üçün 15 min 120 hektar buğda, 7 min 890 hektar arpa əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.