REGİONLAR
Qax-Qıpçaq-Ağyazı yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Qax rayonu ərazisində M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və 44,5 kilometr uzunluğa malik və Qax-Qıpçaq-Ağyazı marşrutu üzrə uzanan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Layihəyə uyğun olaraq, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilib. Yolun normativ eninin alınması üçün zəruri yerlərdə qaya tipli süxurların mexanizmlə kəsilməsi, dağ yamacı hissəsində çay daşından 2,2 kilometr uzunluğunda istinad divarının inşası, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız yol örtüyünün, əsasın və torpaq yatağının qazılaraq, çıxarılması və çınqıl materialı ilə əks-dolğu işləri aparılaraq yolun genişləndirilməsi ilə yeni yol yatağının və əsasının inşası işləri aparılıb.
Layihə çərçivəsində, mövcud suötürücü borular istismara yaramadığı üçün yolboyu 48 yerdə uzunluğu 461 poqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması işləri də aparılıb.
Yol yatağı hazır olan hissələrdə yol əsasının qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə layihədə nəzərdə tutulmuş qalınlıqda inşası işləri aparılıb. Buna paralel olaraq xüsusi qruntla çiyin hissələr də bərkidilir. Artıq yolboyu əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst qatlarının iri və xırdadənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 175 ədəd yol nişanı, 24 ədəd məlumatverici lövhə, 45 ədəd kilometr göstəricisi, 880 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 460 poqonmetr əyrixətli dəmir tirlər quraşdırılacaq, 132 kilometr uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək, həmçinin 14 avtobus dayanacağı inşa ediləcək.
Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılır.
Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır. Layihəyə uyğun olaraq, Əyriçay üzərində yerləşən və uzunluğu 60 metr, eni isə 11,5 metr olan körpünün təmiri işləri də görülür.
Qeyd olunub ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun müasir səviyyədə yenidən qurulması 4,5 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsi arasında həm yük və sərnişindaşıması xeyli yaxşılaşacaq, bölgənin turizm potensialının möhkəmləndirilməsi işinə xidmət göstərəcək və kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradacaq.