REGİONLAR
Qax rayonunda arı ailələrinin sayı artıb
Qax, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun arıçılıq təsərrüfatlarında olan arı ailələrinin (pətəyinin) identikləşdirilməsi işləri başa çatıb. Monitorinqlərin nəticələrinə əsasən, hazırda rayonda arıçılıqla məşğul olan 897 arıçının təsərrüfatında 26 min 846 arı ailəsi saxlanılır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il rayonun arıçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 268 min 460 manat subsidiyanın verilməsi nəzərdə tutulur. Arıçılıq təsərrüfatlarında olan arı ailələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınıb. Yaxın vaxtlarda arıçılara subsidiyanın ödənilməsinə başlanılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nurlan Həsənov məlumat verib.
Sektor müdiri bildirib ki, arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində bu il rayonda arıçılıq təsərrüfatlarının sayı ötən illə müqayisədə 100 təsərrüfat, arı ailələrinin sayı isə 5162 ailə artıb. Arıçılardan Məhərrəm Cəmilov təsərrüfatında olan arı pətəklərinin sayını son bir ildə 107 ailə artıraraq 482 pətəyə, Adıgözəl Cəmilov isə 58 ailə artıraraq 372 pətəyə çatdırıb.