CƏMİYYƏT
Qax rayonunda işəgötürənlər üçün keçirilən seminarda məzuniyyət hüquqları müzakirə olunub
Bakı, 8 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qax rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən işəgötürənlərin nümayəndələrinə işçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüququ, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması qaydaları barədə məlumat verilib.
Həmçinin məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları, məzuniyyətin növləri, əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, habelə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları, uşaqlı qadınların əlavə məzuniyyətləri, sosial məzuniyyətlər, yaradıcılıq və təhsil, habelə ödənişli təhsil məzuniyyətləri və s. barədə qanunvericilikdən irəli gələn prinsiplər müzakirə olunub.
Seminarda qeyri-rəsmi əmək münasibətlərinin işçilərin əmək və sosial hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olduğu vurğulanıb, əmək münasibətlərinin leqallaşdırılmasının sosial-iqtisadi əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, işəgötürənlə işçi arasında əmək münasibətləri əmək müqaviləsi əsasında qurulmalıdır. Əmək münasibətləri Nazirliyin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra rəsmiləşir. Əmək müqaviləsi işçilərin əmək və sosial hüquqlarının müdafiəsinə, minimum əməkhaqqından aşağı olmayan əməkhaqqı almasına, Əmək Məcəlləsində müəyyən olunmuş istirahət günlərindən və məzuniyyətlərdən istifadə etmək hüquqlarına yiyələnmələrinə təminat yaradır. İşçilər, həmçinin əmək müqaviləsi ilə məcburi dövlət sosial sığortasına cəlb olunaraq fərdi uçot sistemində şəxsi hesaba malik olmaq imkanı qazanırlar və həmin hesabda sosial sığorta ayırmaları hesabına toplanan vəsait gələcək sosial müdafiə hüquqlarının formalaşması üçün vacib əsas formalaşdırır.
Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, onlara müvafiq mövzularda məlumatları əhatə edən çap materialları paylanıb.