REGİONLAR
Qaxın tarixi məkanları ilə tanışlıq beynəlxalq yay universiteti iştirakçılarında xoş təəssürat yaradıb
Qax, 13 avqust, Mustafa Dadaşov, AZƏRTAC
“Avropa Tələbələr Forumu-Bakı” İctimai Birliyinin (AEGEE-Bakı) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Lets Add Ventures to Adventures” adlı beynəlxalq yay universitetinin iştirakçıları Qax rayonuna səfərlərindən çox məmnun qalıblar.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, yay universitetinin təşkilində məqsəd xarici ölkələrdən gələn tələbələri Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, onlara Azərbaycan reallıqları barədə dolğun məlumatlar çatdırmaqdır. Layihədə Polşa, İspaniya, Rumıniya, İtaliya, Rusiya, Fransa, İngiltərə, Macarıstan və Hollandiyadan gələn tələbələr iştirak ediblər.
Proqrama uyğun olaraq, yay universitetinin iştirakçıları layihənin birinci mərhələsində Bakı şəhərinin tarixi məkanları ilə tanış olublar.
Qaxa səfərləri çərçivəsində layihə iştirakçıları rayonun görməli yerlərini gəzib, İlisu və Ləkit kəndlərində yerləşən qədim tarixi abidələrə baş çəkib, təbiət qoynunda dincəliblər.
Qaxın tarixi məkanları ilə tanışlıq layihə iştirakçılarında xoş təəssürat yaradıb.