REGİONLAR
Qaxlı gənclər Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar
Qax, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin 28-ci ildönümü Qax rayonunun gəncləri tərəfindən silsilə tədbirlərlə anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar Qax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə fevralın 25-də rayondakı Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə gənclərin Xocalı mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Anım tədbirində gənclər və idman idarəsinin rəis müavini Elvin Həsilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərlə iş üzrə mütəxəssisi Xədicə Əfəndiyeva, kitabxana işçisi Gülnar Maqsudova və başqaları çıxış edərək erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar.
Tədbirin sonunda Xocalı faciəsinin dəhşətli anlarını əks etdirən sənədli film nümayiş etdirilib.