REGİONLAR
Qaxlı kümçülər barama tədarükünə dair proqnoz-tapşırığa əməl ediblər
Qax, 17 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunda istehsalçılardan yaş barama tədarükü başa çatmaq üzrədir. Cari mövsümdə rayonda yaş barama istehsalının 22 tona çatdırılması qarşıya hədəf qoyulmuşdu. Kümçülər indiyədək Qax Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə 22 ton 38 kiloqram yaş barama təhvil veriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il barama yetişdirmək üçün Qax rayonunda 324 kümçü ilə müqavilə bağlanılıb, onlara 550 qutu, yəni 10 kiloqram 450 qram ipəkqurdu paylanılıb.
Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, Ləkit kəndindən Qiyas Aslanov cari mövsümdə qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 302 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 80 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Zəyəm kəndindən Xəyyam Ramazanov cari mövsümdə 294 kiloqram, Əmircan kəndindən Hümmət Mirzəbəyov isə 275 kiloqram yaş barama istehsal ediblər.