MƏDƏNİYYƏT


“Qaytağı “ instrumental ansamblı fransalı tamaşaçılar qarşısında çıxış edib

Paris, 25 sentyabr (AZƏRTAC). Azərbaycan mədəniyyətini, zəngin mədəni irsini fransızlara yaxından tanıtdırmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonundakı Sen-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən mədəni tədbirlərin altıncı günündə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Qaytağı” instrumental ansamblı tamaşaçılar qarşısında çıxış edib.

Respublikanın Əməkdar Artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi ansamblın ifasında müxtəlif musiqi nömrələri ifa olunub. Ansamblın müşayiəti ilə Əməkdar Artist Abbas Bağırovun ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşaçı xanım Süzan Kabare ansamblın ifasından aldığı təəssüratları AZƏRTAC ilə bölüşərək deyib: “Azərbaycan musiqisini dəfələrlə dinləmişəm. Musiqinizin həzinliyi, ürəyəyatımlığı adamı sehrli bir aləmə aparır. Sözləri başa düşməsəm də, musiqinin mənalı olduğunu dərk edirəm. Musiqinin özü qəlbləri oxşayırsa, ifa edilən mahnıların sözləri bir o qədər də əhəmiyyət kəsb etmir. Müxtəlif vaxtlarda Azərbaycan ilə bağlı iştirak etdiyim tədbirlərdə dinlədiyim caz konsertləri, simfonik orkestrin, rəqs qruplarının çıxışları məndə belə qənaət yaradıb ki, Azərbaycan incəsənət adamları ilə zəngin bir ölkədir. Məmnuniyyətlə belə bir ölkəyə səfər edərdim”.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.