REGİONLAR
Qazaxda suvarma kanalında yaranan qəzanın fəsadları aradan qaldırılır FOTO VİDEO
Qazax, 25 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Ötən gün Ağstafaçay su anbarının sağ sahil magistral su kanalının Qazax rayonunun Qarapapaq kəndindən keçən hissəsində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, kanalın sıradan çıxması nəticəsində rayonun Qarapapaq kəndində həyətyanı sahələri su basıb. Hazırda Ağstafaçay Su Qovşağı İstismar İdarəsi tərəfindən kanalda baş vermiş çökmə nəticəsində yaranmış su axıntısının qarşısı alınır. Sahəyə texnika və canlı qüvvə cəlb edilib.
Kanalın çökmüş hissəsi təmizləndikdən sonra təmir işləri görüləcək. Aidiyyəti qurumlar suvarma kanalına suyun verilişini müvəqqəti dayandıraraq, kanal içərisində bərpa işləri aparırlar. “Hadisə baş verən andan işlərə başlamışıq. Beton piltə quraşdırıb, karkas bağlayacaq, daha sonra betonlayacağıq. Suyun verilişində yaranan fasilə də bununla əlaqədardır. Bu suvarma kanalı dörd rayonu - Qazax, Ağstafa, Tovuz və Şəmkirdə, ümumilikdə, 42 min hektar ərazinin suvarılmasını təmin edir”, - deyə Ağstafaçay Su Qovşağı İstismar İdarəsinin sahə rəisi Ramiz Əfəndiyev bildirib.
Kanaldan su sızması nəticəsində Qazax rayonunun Qarapapaq kəndindəki fəsadların aradan qaldırılması, bəzi evlərə və həyətlərə dolan suyun yaratdığı problemin həlli istiqamətində də təxirəsalınmaz işlər görülür.
Qeyd edək ki, ötən gün su kanalında baş verən qəza nəticəsində ətrafa sızan su Qarapapaq kəndində təxminən 10-a qədər evin həyətinə dolub. Təmir işləri yekunlaşdıqdan sonra yaxın günlərdə suvarma kanalına yenidən suyun ötürülməsi təmin ediləcək.