ELM VƏ TƏHSİL
Qazaxıstan alimləri neft sahəsində biliklərini Azərbaycanda artıracaqlar
Bakı, 20 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun mütəxəssisləri Qazaxıstanın bir qrup gənc aliminə ixtisasartırma kursu keçəcəklər.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə Aktau şəhərində yerləşən Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin əməkdaşları 5 ay ərzində Azərbaycan alimlərindən neft, neft geologiyası, quyuların qazılması və yataqların işlənilməsi sahələri üzrə bilik alacaqlar. Kurs Qazaxıstan Prezidentinin “Bolaşaq” Fondunun dəstəyi ilə təşkil edilmişdir.
Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev bildirmişdir ki, fond ilk dəfədir ki, qazaxıstanlıların Azərbaycana elmi səfərini dəstəkləyir.
Geologiya İnstitutunun Elmi Şurasının toplantısında qonaqlardan üçünün – Akmaral Koyşina, Manşuk Sarbopeyeva və Maral Karajanovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi-tədqiqat mövzuları təsdiq olunmuşdur. Qonaqlar azərbaycanlı həmkarları ilə birgə tədqiqatlarda, o cümlədən çöl işlərində də iştirak edəcəklər.