ELM VƏ TƏHSİL
Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin üzvləri ATMU-da olub
Bakı, 3 noyabr, AZƏRTAC
Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) üzvləri Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, ATMU rəhbərliyinin iştirakı ilə keçirilən dəyirmi masada əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
IAAR-ı təmsil edən nümayəndə heyətinin üzvləri agentliyin baş direktoru Alina Bakitcanovna, qurumun müşaviri Olqa Alekseyevna, ali təhsil müəssisələrin akkreditasiyası üzrə layihə meneceri Quliyaş Balkenova, beynəlxalq əlaqələr üzrə baş direktorun müavini Timur Yerbolatoviç və Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının yoxlanması departamentinin müdiri Natiq Əliyevin iştirak etdikləri görüşdə ATMU-nun təhsil proqramlarının beynəlxalq akkreditasiyasının keçirilməsi məsələsi ətraflı müzakirə olunub. Universitetin rektoru İlham Mədətov görüşdən məmnunluğunu bildirib və ATMU üçün keyfiyyət amilinin önəmliliyi və bu istiqamətdəki islahatların əhəmiyyətinə aydınlıq gətirib.
Qeyd edək ki, ATMU-nun 2022/2026-cı illər üçün nəzərdə tutulan Strateji inkişaf planında da ali təhsilin beynəlmiləlləşməsinə nail olmaq üçün təhsil proqramlarının beynəlxalq akkreditasiyasının keçirilməsi məsələsi nəzərdə tutulub.