CƏMİYYƏT
Qazi Novruz Novruzov: Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etməyi çox istəyirdim
Bakı, 19 oktyabr, AZƏRTAC
Vətən müharibəsi başlayanda hərbi xidməti bitirməyimə üç gün qalmışdı. Heç tərəddüd etmədən döyüşlərdə iştirak etdim. Əslən Cəbrayıldan olduğum üçün doğma rayonumun düşməndən təmizlənməsi əməliyyatlarında iştirak etmək istəyirdim. Çox təəssüf ki, sentyabrın 29-da yaralanmağım bu arzuma mane oldu. Silahdaşlarımın Cəbrayılı azad etməsi xəbərini hospitalda olarkən aldım. Bu da bütün ağrılarımı, yaralarımı unutdurdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vətən müharibəsi qazisi Novruz Novruzov deyib.
Novruzov Novruz Malik oğlu 1997-ci il noyabrın 21-də Biləsuvar rayonunda anadan olub. Novruz dünyaya gəlməmişdən dörd il əvvəl Cəbrayıl rayonu erməni işğalçılarının əsarətinə çevrildiyindən o, doğulandan etibarən köçkün həyatı yaşamağa məcbur olmuşdu. Cəbrayıl haqqında valideynlərindən, qohumlarından eşitmişdi. Müsəlləh əsgər kimi nə vaxtsa başlayacaq müharibəyə hazır idi. Tale elə gətirdi ki, hərbi xidməti bitirməyinə sayılı günlər qalmış həmin həlledici məqam yetişdi. O zaman Novruz bir il olardı ki, hərbi xidmətdə idi və Tərtərdə “N” saylı hərbi hissədə xidmət edirdi. Müharibənin ilk günündən silaha sarılıb döyüş meydanına atılan Novruz Tərtər və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
“Müharibəyə Tərtərin Suqovuşan kəndi istiqamətində gedən hərbi əməliyyatlarda iştirakla başladım. Ağdərə istiqamətində gedən döyüşlərdə ermənilərin postunu ələ keçirdik. Orada düşmənin üç canlı qüvvəsini məhv etdim. Düşünürdüm ki, müharibənin sonuna kimi döyüşlərdə olacağam. Bu illər ərzində yaşadığımız məcburi köçkün həyatının qisasını düşməndən almağı qarşıma məqsəd qoymuşdum. Müharibənin ilk günü ata yurdum Böyük Mərcanlı kəndi işğaldan azad edildi. Bu xəbər mənə əlavə güc və ruh yüksəkliyi verdi. Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etməyi çox istəyirdim. Lakin sentyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı yaxınlığıma minaatan mərmisinin düşməsi nəticəsində ağır yaralandım. Qəlpə sağ tərəfimi tutmuşdu. Sağ tərəfdən ayağım, qolum, qulağım və gözüm xəsarət almışdı. Döyüş yoldaşlarımdan dördü yanımda şəhid oldu. O mənzərəyə şahid olmaq çox ağır idi. Axı bir neçə dəqiqə əvvəl çiyin-çiyinə döyüşürdük...
Yaralanıb döyüşlərdə iştirakdan məhrum olsam da, silahdaşlarım mübarizəni davam etdirib Cəbrayılı, eləcə də digər şəhər və yaşayış məntəqələrini işğaldan azad etdilər. Cəbrayılın azad olunması xəbərini alanda hospitalda idim. O an hər şeyi unutdum, yaralarım da, ağrılarım da yadımdan çıxdı. Şəhid olan döyüş yoldaşlarımı qürur və fəxarət hissi ilə xatırlayıram. Ömrümün sonuna kimi onları unutmayacağam. Otuz il ərzində ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin ruhu nəhayət ki, rahatlığa qovuşdu. Əliyar Əliyev, Allahverdi Bağırov, Asif Məhərrəmov, Azərbaycanın ən gənc şəhidi olan cəbrayıllı Samir Əliyev, general-mayor Polad Həşimov, polkovnik-leytenantlar Murad Mirzəyev, Raquf Orucov, polkovnik İlqar Mirzəyev, gizirlər Mübariz İbrahimov, Pəncəli Teymurov kimi minlərlə qəhrəmanlığı dillərə dastan olan əfsanələrin ruhu şaddır. Bizim hər birimiz onlardan örnək aldıq. Onların göstərdikləri şücaəti çətin anlarda xatırlamaq belə gücümüzə güc qatdı”, - deyə N.Novruzov qeyd edib.
Qazinin sözlərinə görə, uzun müalicələrə baxmayaraq, ağır xəsarət alan ayağı kəsilib: “Müharibə dövründə ölümə də, ağır yaralanmağa da hazır idik. Buna baxmayaraq, ayağımın kəsilməsi mənə təsirsiz ötüşməmişdi. Doğma kəndimizə, rayonumuza öz ayaqlarım üstdə yeriyərək getmək istəyirdim. Bu çətin dövrdə dövlətimizin məni yalnız qoymayacağını bilirdim. Elə də oldu. Türkiyəyə göndərildim və qardaş ölkədə ayağıma protez qoyuldu. “YAŞAT” Fondu müalicə xərclərimi qarşıladı. İndi səhhətim yaxşıdır, özüm hərəkət edə bilirəm. Dövlət tərəfindən mənə avtomobil də təqdim olunub. Diqqət və qayğıya görə hər kəsə, xüsusilə ölkə rəhbərliyinə minnətdaram”.
N.Novruzov tezliklə Cəbrayıla gedib ata-baba yurdunu görməyi arzuladığını bildirib. Qazinin ailə üzvləri də doğma yurda köçəcəkləri günü böyük səbirsizliklə gözləyirlər.
Qeyd edək ki, Novruz Novruzov ölkə başçısının sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.