REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlığı genişləndirir
Qəbələ, 16 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə rayon Gənclər və İdman İdarəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Bildirilib ki, bu münasibətlə keçirilən mərasimdə Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, rayon idmançılarının qazandıqları uğurlardan söz açıb, yeni imzalanan sənədin müəssisələr arasında əməkdaşlığın genişlənməsinə, Qoruğun ərazisində birgə idman yarışlarının təşkilinə töhfə verəcəyini bildirib.
Tədbirdə çıxış edən Zahir Kərimov Qoruğun ərazisini ziyarət edən yerli və xarici turistlərin maraq dairəsinin artırılması məqsədilə burada müxtəlif növ idman yarışlarının keçirilməsi üçün yaxşı şəraitin olduğunu diqqətə çatdırıb. Müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzdə elmi, mədəni-kütləvi tədbirlərin, idman yarışlarının, rəsm müsabiqələrinin, festivalların keçirilməsi üçün geniş imkanlar var.
Bildirilib ki, yeni imzalanan sənədə əsasən bədən tərbiyəsi və idmanın kütləviliyini artırmaq məqsədilə Qoruğun ərazisinə yaxın kəndlərin sakinlərini, yeniyetmə və gəncləri, məktəbliləri, həmçinin buranı ziyarət edən yerli və xarici turistləri cəlb etməklə müxtəlif vebinarlar, toplantılar, stolüstü oyunlar, veloturlar, açıq hava şəraitində qol güləşi və digər yarışlar təşkil etmək, beləliklə də bölgəyə səfər edən turistlərin sayının artmasına nail olmaq mümkündür.
İmzalanma mərasimindən sonra Gənclər və İdman İdarəsinin əməkdaşları Qoruğun ərazisini gəzib, Arxeoloji Mərkəzdə yaradılan şəraitlə tanış olublar.