REGİONLAR
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda təkrar dezinfeksiya işləri aparılıb
Qəbələ, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əməkdaşların və ziyarətçilərin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzində təkrar dezinfeksiya işləri aparılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Direktor bildirib ki, dezinfeksiya işləri Qoruğun mühafizə postlarını, Arxeoloji Mərkəzin sərgi salonlarını, akt zalını, kitabxananı, xidməti otaqları əhatə edib. Eyni zamanda, koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə sanitar gigiyenik qaydalara nəzarət də gücləndirilib. Belə ki, ekskursiyalar zamanı ziyarətçilərin hərarətinin ölçülməsinə, sayına, tibbi maskadan istifadə olunmasına ciddi nəzarət edilir, ara məsafəsi qorunur. Mərkəzin giriş hissəsinə spirt və dezinfeksiyaedici məhlullar qoyulub. Qoruğun əməkdaşlarına və ziyarətçilərə karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı müvafiq təlimat və tövsiyələr verilir.