İDMAN
“Qəbələ” klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib
Bakı, 6 yanvar, AZƏRTAC
Futbol üzrə 2018-2019-cu il mövsümünün ikinci yarısının hazırlığına start verən “Qəbələ” klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.
AZƏRTAC xəbər verir ki, “Qırmızı-qaralar” Azərbaycan milli komandasının üzvü Anar Nəzirovu heyətinə qatıblar. Bundan əvvəl “Zirə”də çıxış edən 34 yaşlı qapıçı ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2010-2011-ci, 2012-2015-ci illər mövsümlərində də “Qəbələ”də forma geyən A.Nəzirov əyalət təmsilçisinin heyətində ümumilikdə 28 oyun keçirib. O, Azərbaycan Premyer Liqasında 25, Azərbaycan kubokunda isə 3 dəfə meydana çıxıb. Futbolçu karyerası ərzində “Kəpəz”, “Turan”, “Neftçi”, “Standard” və “Sumqayıt”ın da heyətində çıxış edib. Qapıçı Premyer Liqada ümumilikdə 219 matç keçirib. Azərbaycan millisində 2012-ci ildə debüt edən qolkiper əsas komandanın heyətində dörd oyunda meydana çıxıb.