REGİONLAR
Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni məktəb binası tikilir
Qəbələ, 30 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il iyulun 30-da imzaladığı Sərəncama əsasən Qəbələ rayonunun Zarağan kəndində 1 saylı tam orta məktəb üçün inşa olunan 528 şagird yerlik yeni məktəb binasının tikintisi davam edir. Hazırda binanın üçüncü mərtəbəsində hörgü işləri görülür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, beş yüzdən çox şagirdin təhsil aldığı məktəbin hazırkı binası uzun illər istismar edildiyindən son vaxtlar yararsız vəziyyətə düşüb. Müasir standartlara uyğun inşa edilən üçmərtəbəli yeni məktəb binasının tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Qəbələ rayonunda 6-sı modul tipli olmaqla, 36 yeni məktəb binası tikilib istifadəyə verilib, 10 məktəb binası isə əsaslı təmir olunub.