SİYASƏT
Qəbələdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Qəbələ, 7 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Qəbələdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə gənclər, turizm və otelçilik üzrə peşə tədrisi mərkəzinin müəllim və şagirdləri, həmçinin FHN-nin hərbi hissəsinin zabit və əsgərləri iştirak etmişlər. Mərasim iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiyaya baxış olmuşdur.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov və başqaları çıxış edərək ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin gənclərlə iş sahəsində gördüyü işlərdən, “Dövlət gənclər siyasəti haqqında” Qanunun Azərbaycan gəncliyinin inkişafına təkan verməsindən, gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunmasından danışmış, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Natiqlər, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı doğma Azərbaycanımızda sabitliyin, ordu quruculuğunun, elm və təhsilin uğurlu inkişafından, sosial-iqtisadi sahədəki uğurlardan ətraflı bəhs etmişlər.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş etdirilmişdir.