REGİONLAR
Qəbələdə Ulu Öndərin xatirəsinə həsr olunmuş futzal turnirində 8 komanda mübarizə aparıb
Qəbələ, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar təşkil etdiyi futzal üzrə xatirə turnirində 8 məktəbin komandası mübarizə aparıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qəbələ Olimpiya İdman Kompleksində keçirilən turnirin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov, idman kompleksinin direktoru Mətləb Kərimov, təhsil şöbəsinin nümayəndəsi İbrahim Faxulov çıxış edərək, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü nəhəng işlərdən danışıblar. Vurğulanıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə digər sahələrlə yanaşı, idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirib.
Sonra yarışlara start verilib. Yekun nəticələrə əsasən, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası turnirin qalibi adını qazanıb. Qəbələ şəhər 4 saylı tam orta məktəbin komandası turniri ikinci pillədə başa vurub.
Turnirdə ilk yerləri tutan komandalara rayon gənclər və idman idarəsinin kubok və diplomları təqdim olunub.