REGİONLAR
Qəbələdə intellektual oyun üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Qəbələ, 21 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə Zəfər gününə həsr olunmuş “Nə? Harada? Nə vaxt?” intellektual oyunu üzrə məktəblər arasında rayon birinciliyinə yekun vurulub. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun dəstəyi ilə Regional Azərbaycan Klubunun layihəsi çərçivəsində keçirilən birincilikdə 8 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Qəbələ şəhər 1 saylı tam orta məktəbdə təşkil olunan yarışın əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, məktəbin direktoru Məhəbbət Rüstəmova, İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı çıxış edərək, yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəlməsində belə yarışların əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Yekun nəticələrə əsasən, Nohurqışlaq kənd tam orta məktəbin komandası oyunun qalibi adını qazanıb. Sonrakı yerləri Vəndam qəsəbə 1 və Qəbələ şəhər 5 saylı tam orta məktəblərin komandaları tutublar. Birinciliyin qalibi, eyni zamanda, respublika turuna vəsiqə qazanıb.